Friday, May 24, 2013
az (56).jpg
  • Articles reflect only the opinion of the authors.
  • Sürgündə Güney Azərbaycan (İran) Qələm Əncüməninin sitəsi yalnız Beynəlxalq Qələm Əncüməninin (PEN) mənşuru və İnsan Haqları Bəyannaməsinin çərçivəsində olan yazıları nəşr edir. Bu sitə önceden ayrı yerlərdə nəşr olunmuş yazıları təkcə Əncümənin Dəbirlər Heyəti lazım gördükdə yenidən nəşr edir
  • وبگاه انجمن قلم آذربایجان جنوبی (ایران) در تبعید تنها نوشته‌هایی را که اصول منشور انجمن قلم جهانی و ‏اعلامیه جهانی حقوق بشر را رعایت می‌کنند منتشر می‌کند. این وبگاه از بازنشر مطالبی که پیشتر در ‏رسانه‌های دیگر منتشر شده‌اند، معذور است، مگر با صلاحدید هیأت دبیران انجمن
Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
E-Newsletters


آنا دیلی گونو 2012

International News

PEN International
Promoting Literature, Defending Freedom of Expression

Furuğ Fərruxzad

Furuğ Fərruxzad

Çevirdi: Güntay

فوروغ فرروخزاد

چئويردي: گونتاي

 

 

Qəmsevər

Payız tək olsaydım, keşkə payız tək
Payız tək səssiz və qəmli olsaydım.
Dilək yarpaqlarım solardı bir-bir
Gözlərim günəşi buza dönərdi.


Köksümün göyləri qəmlə dolardı
Könlümü sarardı sərt fırtınalar
Və göz yaşlarım da yağmurlaşaraq
Yağıb ətəyimi edərdi ıslaq


Nə gözəl olardı payız olsaydım,
Zövqdən, şövqdən rəngə dolsaydım.
Payızla dop-dolu gözümdə mənim
Şair oxuyardı göylər şeirini
Yanımda isə,
Bir aşiqin qəlbi alovlanardı.
Gizlin dərdin odlu qığılcımında
Mənim şərqilərim....
Qanadları qırıq yel nəğməsi tək
Qəm ətri saçardı xəstə ruhlara
Önümdə isə,
Gəncliyin qışının acı siması
Arxamda isə,
Yayın coşqun, sıcaq, qaynar sevgisi
Köksüm qəmə, dərdə, ümidsizliyə,
Olardı sığınaq
Payız tək olurdum keşkə payız tək...

2012. 07. 24


Günəşli olur

Bax da, gözlərimin dərinliyində
Gör necə əriyir qəm damla-damla
Bax gör necə qara üsyankar kölgəm,
Günəşin əlində əsir olmuşdur.


Bax, bütün varlığım viranələşir,
Bir qığılcım məni çəkir içinə
Mənə tələ qurur, məni yüksəldir.


Bax, mənim göylərim,
Parlaq ulduzlarla dolub daşmışdır.


Sən gəldin uzaqdan, çox uzaqlardan,
Işıqlar, qoxular ölkələrindən,
Oturtmusan məni kiçik qayıqda
Ey mənim ümidim, mənim sevimlim
Apar məni, apar, çox uzaqlara
Apar da coşqu və şeir ölkəsinə


Ulduz dolu yolda yürüyüb getdik
Ulduzdan yüksəyə qaldırdın məni
Gör necə ulduzlar yaxmış canımı
Hərarətim var
Qırmızı balaca balıqlar kimi
Göllərdən gecələr ulduz dərdim mən.
Mavi səmaların bu köşklərinə
Uzaqlar nə qədər uzaqmış öncə
Sənin səsin indi yenidən gəlir
Qulaqlarıma
Mələklərin parlaq qanadlarının səsi duyulur
Bax gör ki, mən hara yüksəlmişəm, bax!
Kəhkəşanlara, sonsuqluqlara, əbədiyətə.


Madam sonsuzluğa yüksəlmişik biz
Şərab dalqasıyla məni çimizdir.
Məni öpüşünün ipəyinə bük!
Uzun gecələrin səssizliyində
Məni arzula, məni xatırla!
Məni ulduzlardan ayırma daha,
Məni buraxma!


Gecə,
damla-damla əriyir şam tək
Sənin dadlı-şirin laylalarınla
Mənim gözlərim
Yuxu şərabıyla dop-dolu olur,
Şeirimin beşiyi üstünə bir bax!
Sənin nəfəsinlə aydınlıq olur,
Sənin nəfəsinlə günəşli olur.

2012. 07. 24


Cavab

Tanrı bizim üçün gülümsəyirdi,
Bilməsək də O´nun mərhəmətini.
Arxada gizlincə şarab içmədik.
Qara cübbə geyən mollalar kimi,


Alın, günahlardan qaralar, deyil-
Səccadəyə alın yapışdırmaqdan.
Tanrının adını çəkməmək yaxşı-
Allah-Allah deyib xalqı soymaqdan.


Üzülmərik bir gün şeyx fitva verib,
Cənnət qapısını bizə qaparsa
Bizi kədər ilə yoğuran Tanrı
Açar da qapını rəhməti varsa.


Fırtınalar yudu sevincimizi,
Dəniz ortasında dayanan dağız.
Köksümüz Tanrının evi, qorxmarıq,
Qalsaq da tufanlar önündə yalnız.


Bizim könlümüzdən qopan qığılcım,
Şeyxın üzərinə düşüb yaxarsa,
Eşqin atəşində yanan bizləri,
Suçlu adlandırmaz, sevgisi olsa.


Bizim eşqimizi kötümsəyərək,
Adamlar iftira yayar, sevimsiz.
Ölməz, ürəyində sevgi olanlar
Varlıqdan silinməz bizim eşqimiz.

2012. 07. 26
Saat 22. 30


Qəm çiçəyi

Şadam həsrətində yandığım üçün,
Sənin xəyalınla ağlamaq xoşdur.
Sənə qovuşduqdan sonra, böyləcə,
Ölümsüz eşqinə ağlamaq xoşdur.


Sən öylə düşündün, ayrılarsaq biz,
Sənin xəyalını tərk edərəm mən.
Mən də heyrətdəyəm hər gecə-gündüz,
Könlümün səni tərk etməzliyindən.


Duyuram ırmağın acılarını,
Gecələr bağçada tək dolaşarkən.
Mənim həsrət dolu hayqırışlarım,
Irmaq ağrısıyla qaynaşır həmən.


Bir gecə səssizcə sahildə otur,
Mənim dərdlərimi duyarsan açıq.
Gecə öz kölgənə baxdığın zaman,
Qərarsız ruhumu görərsən açıq.


Səhərin sərincə əsən yeliylə
Şərqi bəstələyib sənə göndərdim.
Göylərdə parlayan ulduzam, sənin-
Damının üstünə ışınlar sərdim.


Dağlar aramıza divar hörsə də,
İnan ki, mən buna heç üzülmərəm.
Mən bir gövərçinəm, yalnızbaşıma,
Uçub dənizlərdən varıb keçərəm.


Quru budaq kimi həsrətində mən,
Tutuşub yavaşça yanmaqdan şadam.
Sənin şəhərinin günəşi ilə,
Bədənim isinib, qavrılmış tamam.


Könlümdə ölməzdir sənin xatirən,
Sən mənim ilk eşqim, sevgi dünyamsan,
Xatirən sevimli payız kimidir,
Türlü-türlü rənglər göstərmiş olan.


Burax, qara cübbə geyən mollalar,
Desinlər haqqımda sözlər çirkincə.
Buna üzülmərəm, düşünürəm ki,
Şeytan yaratmışdır onları məncə.


Ancaq mən gerçək bir qəm çiçəyiyəm,
Sənin xatirənlə təravətim var.
Səssiz gecələrdə, yalnız dünyamda,
Xəyallarım səni yenidən qurar.

2012. 07. 26
Saat 24



غمسئور


پاييز تک اولسايديم، کئشکه پاييز تک
پاييز تک سسسيز و قملي اولسايديم.
ديلک يارپاقلاريم سولاردي بير-بير
گؤزلريم گونشي بوزا دؤنردي.

کؤکسومون گؤيلري قمله دولاردي
کؤنلومو ساراردي سرت فيرتينالار
و گؤز ياشلاريم دا ياغمورلاشاراق
ياغيب اتگيمي ائدردي ايسلاق

نه گؤزل اولاردي پاييز اولسايديم،
ذؤوقدن، شؤوقدن رنگه دولسايديم.
پاييزلا دوپ-دولو گؤزومده منيم
شاعير اوخوياردي گؤيلر شئيريني
يانيمدا ايسه،
بير عاشيقين قلبي آلوولاناردي.
گيزلين دردين اودلو قيغيلجيميندا
منيم شرقيلريم....
قانادلاري قيريق يئل نغمه سي تک
قم عطري ساچاردي خسته روحلارا
اؤنومده ايسه،
گنجليگين قيشي نين آجي سيماسي
آرخامدا ايسه،
يايين جوشقون، سيجاق، قاينار سئوگيسي
کؤکسوم قمه، درده، اوميدسيزلييه،
اولاردي سيغيناق
پاييز تک اولوردوم کئشکه پاييز تک...
24. 07. 2012


گونشلي اولور



باخ دا، گؤزلريمين درينليگينده
گؤر نئجه اريیير قم داملا-داملا
باخ گؤر نئجه قارا عوصيانکار کؤلگم،
گونشين الينده اسير اولموشدور.

باخ، بوتون وارليغيم ويرانه لشير،
بير قيغيلجيم مني چکير ايچينه
منه تله قورور، مني يوکسلدير.

باخ، منيم گؤيلريم،
پارلاق اولدوزلارلا دولوب داشميشدير.

سن گلدين اوزاقدان، چوخ اوزاقلاردان،
ايشيقلار، قوخولار اؤلکه لريندن،
اوتورتموسان مني کيچيک قاييقدا
ائي منيم اوميديم، منيم سئويمليم
آپار مني، آپار، چوخ اوزاقلارا
آپار دا جوشقو و شئير اؤلکه سينه

اولدوز دولو يولدا يورويوب گئتديک
اولدوزدان يوکسه يه قالديردين مني
گؤر نئجه اولدوزلار ياخميش جانيمي
هرارتيم وار
قيرميزي بالاجا باليقلار کيمي
گؤللردن گئجه لر اولدوز درديم من.
ماوي سمالارين بو کؤشکلرينه
اوزاقلار نه قدر اوزاقميش اؤنجه
سنين سسين ايندي يئنيدن گلير
قولاقلاريما
ملکلرين پارلاق قانادلاري نين سسي دويولور
باخ گؤر کي، من هارا يوکسلميشم، باخ!
کهکشانلارا، سونسوقلوقلارا، ابدييته.

مادام سونسوزلوغا يوکسلميشيک بيز
شراب دالقاسييلا مني چيميزدير.
مني اؤپوشونون ايپگينه بوک!
اوزون گئجه لرين سسسيزليگينده
مني آرزولا، مني خاطيرلا!
مني اولدوزلاردان آييرما داها،
مني بوراخما!

گئجه،
داملا-داملا اريیير شام تک
سنين دادلي-شيرين لايلالارينلا
منيم گؤزلريم
يوخو شرابييلا دوپ-دولو اولور،
شئيريمين بئشيگي اوستونه بير باخ!
سنين نفه سينله آيدينليق اولور،
سنين نفه سينله گونشلي اولور.
24. 07. 2012


جاواب



تانري بيزيم اوچون گولومسه ييردي،
بيلمه سه ک ده او´نون مرحمتيني.
آرخادا گيزلينجه شاراب ايچمه ديک.
قارا جوببه گئيَن موللالار کيمي،

آلين، گوناهلاردان قارالار، دئييل-
سججاده يه آلين ياپيشديرماقدان.

تانري نين آديني چکمه مک ياخشي-
آللاه-آللاه دئييب خالقي سويماقدان.
اوزولمَريک بير گون شئيخ فيتوا وئريب،
جنّت قاپيسيني بيزه قاپارسا
بيزي کدر ايله يوغوران تانري
آچار دا قاپيني رحمتي وارسا.

فيرتينالار يودو سئوينجيميزي،
دنيز اورتاسيندا دايانان داغيز.
کؤکسوموز تانري نين ائوي، قورخماريق،
قالساق دا توفانلار اؤنونده يالنيز.

بيزيم کؤنلوموزدن قوپان قيغيلجيم،
شئيخين اوزرينه دوشوب ياخارسا،
عشقين آتشينده يانان بيزلري،
سوچلو آدلانديرماز، سئوگيسي اولسا.

بيزيم عشقيميزي کؤتومسه يه رک،
آداملار ايفتيرا يايار، سئويمسيز.
اؤلمز، اورگينده سئوگي اولانلار
وارليقدان سيلينمز بيزيم عشقيميز.

26. 07. 2012
ساعات 22. 30


قم چيچگي



شادام هسرتينده يانديغيم اوچون،
سنين خيالينلا آغلاماق خوشدور.

سنه قوووشدوقدان سونرا، بؤيله جه،
اؤلومسوز عشقينه آغلاماق خوشدور.
سن اؤيله دوشوندون، آيريلارساق بيز،
سنين خياليني ترک ائدرم من.
من ده حئيرتديم هر گئجه-گوندوز،
کؤنلومون سني ترک ائتمزليگيندن.

دويورام ايرماغين آجيلاريني،
گئجه لر باغچادا تک دولاشارکن.
منيم هسرت دولو هايقيريشلاريم،
ايرماق آغريسييلا قايناشير همن.

بير گئجه سسسيزجه ساهيلده اوتور،
منيم دردلريمي دويارسان آچيق.

گئجه اؤز کؤلگه نه باخديغين زامان،
قرارسيز روحومو گؤررسن آچيق.
سحرين سرينجه اسن يئلييله
شرقي بسته له ييب سنه گؤندرديم.
گؤيلرده پارلايان اولدوزام، سنين-
دامينين اوستونه ايشينلار سرديم.

داغلار آراميزا ديوار هؤرسه ده،
اينان کي، من بونا هئچ اوزولمرم.
من بير گؤورچينم، يالنيزباشيما،
اوچوب دنيزلردن واريب کئچرم.

قورو بوداق کيمي هسرتينده من،
توتوشوب ياواشچا يانماقدان شادام.
سنين شهري نين گونشي ايله،
بدنيم ايسينيب، قاوريلميش تامام.

کؤنلومده اؤلمزدير سنين خاطيرن،
سن منيم ايلک عشقيم، سئوگي دونيامسان،
خاطيرن سئويملي پاييز کيميدير،
تورلو-تورلو رنگلر گؤسترميش اولان.

بوراخ، قارا جوببه گئين موللالار،
دئسينلر حاققيمدا سؤزلر چيرکينجه.
بونا اوزولمرم، دوشونورم کي،
شئيطان ياراتميشدير اونلاري منجه.

آنجاق من گئرچک بير قم چيچگييم،
سنين خاطيرنله طراوتيم وار.
سسسيز گئجه لرده، يالنيز دونيامدا،
خياللاريم سني يئنيدن قورار.
26. 07. 2012
ساعات 24

Breaking News





سورگونده گونئی آذربایجان (ایران) قلم انجومنی نین قورولوش ایل دؤنومو موناسیبتی ایله علمی سمینار: دیل، ادبیات و میللی شعور
فراخوان بنیاد زبان و فرهنگ آذربایجان ایران ـ کانادا

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Contact Us

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com